Aslan bəy Səfikürdski

Aslan bəy Ağalar bəy oğlu Səfikürdski (30 sentyabr 1881, Səfikürd, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası1937, Bakı) — Zaqafqaziya SeymininAzərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri.[1]

Aslan bəy Səfikürdski
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri
bayraq2
14 mart 1919 – 22 dekabr 1919
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin poçt-teleqraf və əmək naziri
bayraq2
26 dekabr 1918 – 14 mart 1919
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Noyabr 1919 – 28 aprel 1920
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 30 sentyabr 1881(1881-09-30)
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Atası Ağalar bəy Səfikürdski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 
Səfirkürdskinin Peterburq Universiteti tərəfindən verilmiş tələbə bileti

Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabr ayının 30-da Yelizavetpol qəzasının Səfikürd kəndində (indiki Goranboy rayonunda) anadan olmuşdur. Onun atası Ağalar bəy 1890-cı ildə vəfat etmiş və Aslan bəy kiçik yaşlarından anası Maytavan xanımın və əmilərinin himayəsində böyümüşdür. Aslan bəyin özündən kiçik iki qardaşı vardı. Doğma kəndlərində məktəb olmadığından Aslan bəy orta təhsil almaq üçün Gəncəyə gedir, qohumlarının evində yaşayaraq onların himayəsilə Gəncə klassik gimnaziyasına daxil olur və orta təhsilini 1901-ci ildə başa vurur. Həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Rusiya Sankt-Peterburq Universitetinə köçürülür.[2] O, Sankt-Peterburqda keçirilən inqilabi tələbə tətillərinə qoşulur və ona görə 1903-cü ilin mart ayında Universitetin professor-müəllimlərdən ibarət daxili nizam-intizam məhkəməsi şurasının qərarına əsasən yarım il müddətinə oradan xaric edilir. Onun bərpa edilməsi 1904-cü ilin yanvar ayının 20-də mümkün olur.[3] Aslan bəy Səfikürdski azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olmuşdu.[1]

Fəaliyyəti

redaktə

Aslan bəy 1907-ci ildə ali təhsilini başa vuraraq Gəncəyə qayıtmışdır. 1907–1911-ci illərdə Gəncədə ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləyib. O, Gəncədə Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri, həmçinin Aktyorlar Cəmiyyətinin sədri olmuşdur. 1911–1917-ci illərdə Aslan bəy Şuşa Şəhər Dumasında iş kəsmək üzrə iclasçı, sonralar isə andlı müvəkkil vəzifələrində çalışıb. Rusiyada 1917-ci il fevral inqilabından sonra mart ayında Səfikürdski Gəncə Qəza İcraiyyə Komitəsinin, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilmişdi.

Aslan bəy Səfikürdski 1915-ci ildə Qasım bəy Əmircanovla birlikdə Peterburq Universitetinin professoru Boden-de Kutilin sədrliyi altında Kiyevdə keçirilən Rusiyanın qeyri-rus millətlərinin qurultayında iştirak etmiş, məhz bu qurultayda ilk dəfə "Azərbaycan muxtariyyəti" məsələsini qaldırmışdı.[4] Sonralar bu haqda rəsmi dövlət qəzeti "Azərbaycan"a bəhs edən A. Səfikürdski 1919-cu ildə yazırdı:

  O vaxt elan olunmuşdu ki, Azərbaycanda məskun olan xalqlar tam muxtariyyət almalıdırlar. Qurultayda iştirak edən Gürcüstan və Ermənistan nümayəndələri də bu cür nöqteyi-nəzərdə dayanmışdılar. Onda Qafqaz xalqları arasında sərhədlər barədə indikinə nisbətən mübahisə və fikir ayrılığı az idi. O vaxt bildirilmişdi ki, Azərbaycan bütün Bakı və Yelizavetpol quberniyalarını, Zaqatala dairəsini, İrəvan və Tiflis quberniyalarının bir hissəsini əhatə etməlidi ki, Azərbaycan türkləri orada məskundur. Gürcüstan və Ermənistan nümayəndələri buna etiraz etmirdilər. Hal-hazırda isə, təəssüf ki, bu məsələdə razılıq yoxdur.[5]  

1917-ci il noyabr ayının 11-də Tiflisdə Zaqafqaziyanın siyasi partiya və ictimai təşkilatlarının nümayəndələrinin konfransı çağırıldı. Həmin konfransın işində Səfikürdski də iştirak etmişdi. 1918-ci il fevralın 28-də Aslan bəy "Eser" partiyasının tərkibindən çıxaraq Zaqafqaziya Seymi tərəfindən təsdiq olunmuş "Müsəlman fraksiyası"nın tərkibində "Müsəlman Sosialistləri Bloku"na daxil oldu.[6] Onun başçılıq etdiyi blok Rusiya Müəssislər Məclisinə seçkilərdə üç yer qazanmışdı. Rusiya Müəssislər Məclisi buraxılandan sonra yaradılan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, sonra isə Azərbaycan Milli Şurasının üzvü idi.[7] Seymin Müsəlman Sosialistləri Blokunun lideri kimi Səfikürdski Bakıda 1918-ci il 31 martda müsəlman əhaliyə qarşı vəhşiliklərin qarşısının dərhal alınmasını tələb etmişdi.[1]

AXC-də fəaliyyəti

redaktə

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Yaranmış Azərbaycan Milli Şurasının məqsəd və vəzifələrini Zaqafqaziyanın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün nümayəndələr göndərmək qərara alındı. Bu nümayəndələr içərisində Aslan bəy Səfikürdski də vardı.

 
1918-ci ildə İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyəti

Aslan bəy Səfikürdski 1918-ci il yanvarın 9–12 arasında Şəmkir, DəllərZəyəm dəmiryol stansiyalarında çar Rusiyasının Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində iştirak edən 9 rus əsgərlərinin tərksilah edilməsində məsləkdaşları Xudadat bəy Rəfibəyli, Şəfi bəy Rüstəmbəyli və başqaları ilə birlikdə yaxından iştirak etmişdi. Aslan bəyin rus əsgələrindən aldıqları silahlar AXC hökuməti Tiflisdən Gəncəyə köçəndə Milli Ordumuzun təşkili zamanı gərək olmuşdu.

İyunun əvvəllərində Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti çox ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın rəhbərlik etdiyi türk hərbi mütəxəssislərindən ibarət 300 nəfərlik qrup Gəncədə idi. Onların fikrincə, Milli Şura və onun yaratdığı hökumət həddən artıq sol və inqilabi mövqelərdə dururdu.[8]

Aslan bəy Səfikürdski türklərin hərəkətini qəti surətdə pislədi və qeyd etdi ki, biz sosialistlər həmişə türklərin tərəfində olmuşuq və bu istiqamətdə işləmişik.

  Mənim bu istiqamətdə fəaliyyətim Sizin hamınıza yaxşı məlumdur. Lakin türklər Azərbaycana daxil olduqları ilk günlərdən, özlərinin ilk addımlarından bizim xalqın mənafeyinin əksinə olduqlarını sübut etdilir. Təəssüf hissilə qeyd etməli oluruq ki, türk paşası bizim Milli Şuranı və Azərbaycan hökumətini buraxıb, onun yerində özünün istədiyi yeni hökumət yaratmaq fikrinə düşüb.[9]  

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti açıldı. Aslan bəy Səfikürdski Milli Şuranın 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanın təsisi haqqında qanun" a əsasən Qazax qəzasından Azərbaycan Cümhuriyyətinin ali qanunverici orqanına — Parlamentə millət vəkili seçildi.

O, Parlamentdəki "Sosialistlər fraksiyası" nın liderlərindən biri idi. Səfikürdskinin adı parlamentdə sosialistlərin təqdimolunma oxunuşu zamanı 13 nəfərin siyahısında sayca 8-ci çəkilirdi. Sosialist Aslan bəy Səfikürdski 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentindəki çıxışında Fətəli xan Xoyskinin başçılığı altında yaradılacaq yeni hökumətin koalisyon olması və demokratik prinsiplərə əsaslanması tələblərini irəli sürmüşdü. Lakin o, başqa səmərəli təkliflərlə də çıxış etmişdi. Bu, özünü Parlamentin 1918-ci il dekabrın 10-da keçirilən 2-ci iclasında və sonrakı 15 dekabr tarixli 3-cü iclasında ordu barədəki müzakirələr zamanı da göstərmişdi. O, Parlamentin 1918-ci il dekabrın 25-də keçirilən iclasında siyasi dustaqların amnistiyası üzrə yaradılan 5 nəfərdən ibarət komissiyasının üzvü seçilmişdi.

1919-cu il iyunun 9–11-də AXC-nin ali səlahiyyətli fövqəladə orqanı – Dövlət Müdafiə Komitəsi (DMK) yarandıqda Səfikürdski həmin qurumun üzvlüyünə daxil olmuşdu. 1919-cu il sentyabrın əvvəllərində İstanbul Konfransı olmuşdu. Konfransa AXC-nin nümayəndə heyəti də dəvət olunmuşdu. 1918-ci il sentyabrın 6-da Bakınnı xilaskarı Ənvər paşa İstanbul danışıqlarında iştirak edən nümayəndə heyətimizi Türkiyədə yenicə hakimiyyətə gəlmiş sultan VI Məhəmmədə təqdim etmişdi. Sultana təqdim olunan nümayəndə heyətinin tərkibində Aslan bəy də var idi.[1]

Poçt və teleqraf naziri vəzifəsində

redaktə

Aslan bəy Səfikürdski Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi üçüncü hökumət kabinəsində poçt və teleqraf və naziri təyin olundu. Onun təşəbbüsü ilə cümhuriyyətin ayrı-ayrı bölgələrindəki poçt-teleqraf müəssisələrində əməliyyat və poçt daşınmaları işləri bərpa edilmiş, telefon danışıq məntəqələri istismara buraxılmışdı. Səfikürdski rabitə sahəsində kadr hazırlanması işinə də xüsusi diqqət verirdi. Məhz onun səyi nəticəsində 1919-cu ildə Bakıda xüsusi poçt-teleqraf məktəbi fəaliyyət göstərməyə başladı. Onun qonşu dövlətlərlə rabitə işlərinin qaydaya salınmasında və inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Nazir olduğu dövrdə üzərində Azərbaycan dövlətinin nişanları olan poçt markaları buraxılmağa başladı. Bundan əlavə, teleqraf blankları rus dili ilə yanaşı, Azərbaycan dilində də çap edilməyə başladı. Aslan bəy bir nazir kimi, Azərbaycan Cümhuriyyəti ilə qonşu dövlətlər və ilk növbədə, Zaqafqaziya cümhuriyyətləri arasında rabitə vasitələrinin, poçt-teleqraf işlərinin nizama salınmasında və daha da inkişaf etdirilməsində çox böyük xidmətləri olmuşdur.

O, 1919-cu ilin yanvar ayında teleqraf əlaqələrini gücləndirmək üçün Tiflisdə çağırılan beynəlxalq konfransın işində iştirak etmiş və Zaqafqaziya cümhuriyyətləri arasında teleqraf xidmətlərinin yaxşılaşdırılması şərtlərinin hazırlanmasında böyük əmək sərf etmişdi. Həmin konfransın qərarına müvafiq olaraq elə 1919-cu ilin yanvar ayında Azərbaycan və Gürcüstan cümhuriyyətlərinin iri şəhərləri arasında daimi teleqraf əlaqələri yaradılması haqqında 10 maddədən ibarət bəyannamə imzalandı. Bundan əlavə hər iki cümhuriyyət arasında poçt vasitəsilə əmanətlərin göndərilməsi xidmətini yaxşılaşdırmaq məqsədilə konvensiya imzalandı.[10] O, bu vəzifədə 1919-cu il martın 14-dək fəaliyyət göstərmişdi. Aslan bəy Səfikürdskinin təqdimatı ilə Azərbaycan hökuməti 1919-cu ilin dövlət büdcəsini təşkil edərkən poçt və teleqrafın, rabitənin inkişafı üçün 15 milyon manat pul ayırmışdı.[1]

Ədliyyə və əmək naziri vəzifəsində

redaktə
 
I Yusifbəyli hökumətinin üzvləri. Soldan 1-ci oturan Aslan bəy Səfikürdski

1919-cu il yanvarın 21-də Azərbaycan Cümhuriyyətinin Əmək Nazirliyi yarandı. 1919-cu il martın əvvəllərində Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Aslan bəy Səfikürdski tutduğu vəzifəni tərk etmiş, Nəsib bəy Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi kabinədə ədliyyə və əmək naziri təyin olunmuşdur.[11] Azərbaycan Nazirlər Şurasının qərarı ilə həmin Nazirliyin iclası da Aslan bəyə həvalə olundu. Səfikürdskinin göstərişi ilə Ədliyyə Nazirliyinin yanında Azərbaycan ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxananın təşkilinə, Azərbaycanda Məhkəmə Palatası nəzdində andlı Müvəkillər Şurasının yaradılmasına başlanmışdı. Aslan bəy Cümhuriyyətin ərazisində 3 yeni dairə məhkəməsinin (Şəki, Şuşa, Kürdəmir) açılmasına nail olmuşdu.

Səfikürdski ədliyyə naziri, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin baş prokuroru idi. Aslan bəy parlamentin üzvü olmaqla bərabər, "Xalqçı" partiyasının da sədri idi. Partiyanın üzvləri "Müsəlman Sosialistlər Bloku" vasitəsilə Parlamentdə təmsil olunurdular. "Xalqçı" partiyası bütün məsələlərdə "Müsavat" a qarşı tənqidlərlə çıxış edirdi.[1]

Geniş zəkaya və dərin hüquqi biliyə malik olan Aslan bəy Səfikürdski az bir müddət ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində böyük islahatlar aparılmasına nail oldu. O, nazirliyin əsas vəzifəsini aşağıdakı üç problemin həlli istiqamətinə yönəldə bildi:

  • Ədalət məhkəmələrinin işlərinin yenidən qurulması. Burada əsas diqqət ölkənin bütün vətəndaşlarının qanuni hüquqlarının müdafiəsinin gücləndirilməsinə, əhalinin əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsinə yönəldilirdi.
  • Ədalət məhkəmələrinin işinə geniş ictimaiyyətin, xalq kütlələrinin cəlb edilməsi.
  • Seçkili məhkəmə orqanlarının əhalinin yaşayış yerlərinə yaxınlaşdırılması.[12]

Ədliyyə və məhkəmə orqanlarının işində köklü dəyişikliklər yaratmağa çalışan Aslan bəy Səfikürdski cümhuriyyətin müxtəlif nazirlik, idarə və təşkilatlarında, ayrı-ayrı müəssisələrində israfçılıqla mübarizəni gücləndirmək, rüşvətxorluq hallarını aradan qaldırmaq, qanun pozuntularının qarşısını almaq məqsədilə ciddi tədbirlər həyata keçirdi. A. Səfikürdskinin rəhbərliyi ilə qısa bir müddət ərzində yuxarıda deyilənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə müstəqil orqan — xüsusi Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun layihəsi hazırlanıb parlamentə təqdim edildi və 1919-cu il iyulun 27-də parlament Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun qəbul etdi.15 Öz fəaliyyətinə məsuliyyətlə başlayan komissiya az bir müddət ərzində cümhuriyyətin ərzaq, ticarət və sənaye nazirliklərində, onların təşkilatlarında və həmçinin, Bakı polis idarəsinin işində çox ciddi nöqsanlara, qanun pozuntularına yol verildiyini aşkar etdi və bu işdə təqsirkar olan bir qrup yüksək vəzifəli şəxslər haqqında cinayət işi qaldırıb onların məsuliyyətə alınmasına nail oldu.[13]

1919-cu ildə A. Səfikürdskini narahat edən vacib məsələlərdən biri də Azərbaycan həbsxanalarındakı acınacaqlı şərait, həbsxana binalarının uçulub dağılmaq vəziyyətində olması, məhbuslara münasibətdə yolverilməz kobudluqlar, səhiyyə xidmətinin aşağı səviyyədə olması və bunun da nəticəsində iltihablı xəstəliklərin yayılması və s. idi. Bütün bunların qarşısını almaq üçün Ədliyyə Nazirliyi parlamentə xüsusi qanun layihəsi, hökumətə isə tədbirlər planı hazırlayıb təqdim etdi. Yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün ilk növbədə həbsxanaların Daxili İşlər Nazirliyinin tabeliyindən alınıb Ədliyyə Nazirliyinə verilməsinin, həbsxanalara nəzarət etmək üçün xüsusi şöbənin — həbsxana inspeksiyasının yaradılmasının zəruri olduğu qeyd edilirdi. Həbsxana müfəttişliyi məhbusların saxlanılmasında və bütünlüklə həbsxana təsərrüfatının məqsədəuyğun aparılması işində lazımi qayda-qanun yaratmalı idi. Həbsxana müfəttişliyinə, yəni həmin şöbəyə bilavasitə rəhbərlik baş prokuror kimi nazirin özünün üzərinə düşürdü. Bundan əlavə həbsxanaların sanitar vəziyyətinin yaxşılaşmasına xüsusi diqqət yetirilərək, həbsxana şöbəsində baş həbsxana həkimi və onun müavini vəzifələri təsis edildi. Baş həbsxana həkimi həbsxana xəstəxanaları, ambulatoriyaları və bir sözlə, həbsxanalarda baş verə biləcək epidemiya hallarının qarşısının alınmasına nəzarət etməli və vaxtında tədbirlər görməli idi.[14]. Azərbaycan parlamenti həmin təklifləri bəyənmiş və həbsxana müfəttişliyi haqqında qanunu qəbul etmişdir. 9 maddədən ibarət olan həmin qanunla həbsxanalara birbaşa nəzarət Ədliyyə Nazirliyinə tapşırılmış, məhkəmə hökmlərinin yerinə yetirilməsi ilə əlaqədar bütün işlər Quberniya idarələrindən alınaraq həbsxana şöbəsinə həvalə edilmişdi. Quberniya idarələri bundan sonra yalnız həbsxanaların tikintisi və təmiri işləri ilə məşğul olmalı idilər. Qüvvədə olan Cinayət Məcəlləsinə uyğun məsələləri həll etmək üçün həbsxana işləri şurası təşkil edildi. Ədliyyə naziri və ya onun müavini bu şuranın sədri olmalı idi. Şuranın üzvləri — dəftərxana rəisi, nazirliyin hüquq məsləhətçisi, məhkəmə palatasının prokuroru, həbsxana müfəttişi, baş həbsxana həkimi və həmçinin, Səhiyyə, Ərzaq və Dövlət Nəzarəti Nazirliyinin nümayəndələrindən ibarət idi.[15]

5-ci hökumət kabineti

redaktə

AXC-nin beşinci hökumət kabinetində (24 dekabr 1919-cu il – 1 aprel 1920-ci il) yer almayan Aslan bəy Səfikürdski öz fəaliyyətini ancaq millət vəkili kimi Parlamentdə davam etdirirdi. 1920-ci il fevralın 5-də Parlamentin Maliyyə-Büdcə Komissiyasının üzvü seçilən Aslan bəy Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycan suverenliyinin de-fakto tanınması (11 yanvar 1920-ci il) münasibətilə çıxış edərək "Sosialistlər fraksiyası" və bütün zəhmətkeşləri adından Parlament deputatlarını təbrik etmişdi. O, öz çıxışında, həmçinin suveren Azərbaycanı xarici ölkələrdə təmsil etmək üçün diplomatik səfirliklərin ilk növbədə Şərq ölkələrində xüsusilə, Yaponiyada, Çində, ƏfqanıstanTürkiyədə açılmasını təklif etmişdi. Səfikürdski, həmçinin Rusiyada da ilk növbədə səfirlik açılması fikrini səsləndirmiş və bunu orada yaşayan çoxlu sayda azərbaycanlıların hüquqlarının müdafiəyə ehtiyacı olması ilə əlaqələndirmişdi.[1]

1920-ci illərdə

redaktə

1920-ci ilin əvvəllərindən AXC-nin daxili və xarici vəziyyətində ziddiyyətli və mürəkkəb hal əmələ gəlmişdi. Belə şəraitdə Parlamentdəki partiyaların təmsilçiləri və deputatlar arasında da kəskin qütbləşmə yaranmaqdaydı. 1920-ci il yanvarın 15-də A. Səfikürdski "Sosialist fraksiyası" adından xarici işlər naziri Fətəli xan Xoyskiyə RSFSR-in Xarici İşlər komissarı G. V. Çiçerinin Azərbaycan Cümhuriyyətinə göndərdiyi notaya hökumətin münasibəti barədə sorğu ünvanladığını bildirmiş və Azərbaycan hökumətinin cavabını fraksiyaların nümayəndələri ilə birlikdə müzakirəyə qoymağı təklif etmişdi.

Aslan bəy Səfikürdski 1920-ci ilin yanvarında Müəssisələr Məclisinin çağırlıması üzrə yaradılan 6 nəfərdən ibarət Mərkəzi Komissiyanın üzvlüyünə seçilmişdi. Komissiyanın tərkibi M. Ə. Rəsulzadə ("Müsavat"), Qara bəy Qarabəyov ("İttihad"), Aslan bəy Qardaşov ("Əhrar"), Səməd ağa Ağamalıoğludan (sosialist) ibarət idi.

1920-ci ilin aprelində hökumət böhranı zamanı Nəsib bəy Yusifbəylinin 5-ci kabineti istefa verdikdən sonra yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırılmışdı. Bu zaman Parlamentdəki sosialistlər fraksiyası xarici işlər naziri kimi mühüm vəzifəyə Aslan bəy Səfikürdskinin namizədliyini təklif etmişdilər.

Aslan bəy 1920-ci il aprelin 27-də Azərbaycan Parlamenti tərəfindən seçilmiş fövqəladə səlahiyyətli nümayəndə heyətinin tərkibində bolşeviklərin hakimiyyəti təslim etmək haqqında ultimatumu ilə əlaqədar onlarla aparılan danışıqlarda iştirak etmişdi. Danışıqlar zamanı o, təslimçilik mövqeyi tutmuşdu. Belə ki, Məmməd Həsən Hacınskiyə də deputatları bolşeviklərin ultimatumuna müsbət cavab verməyə və bunun o vaxtki yaranmış şəraitdə ən düzgün qərar olmasına inandırmağa çalışırdı. Guya bolşeviklər, XI Ordu Bakıdan ingilislər və yunanlarla döyüşlər aparan Türkiyəyə köməyə getmək niyyətlərindədirlər və Azərbaycan Parlamentinin və hökumətinin üzvlərinə toxunmayacaqlar. Qızğın müzakirələrdən sonra müxalif Parlament fraksiyasının təmsilçisi kimi "Sosialistlər bloku"ndan Aslan bəy M. Hacınskinin hakimiyyəti bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdi. O, çıxışında bildirmişdi:

  Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib qəbul etməli, hakimiyyəti və bununla birlikdə millətin ixtiyarını onlara verməliyik... Hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda cammat özü müdafiə edər və öz istədiyinə nail olar.  

Aslan bəy Səfikürdski 1920-ci il Aprel işğalından sonra əvvəlcə Azərbaycan SSR ədliyyə komissarının müavini təyin edildi və bu vəzifədə təxminən iki il işlədi.[1]

Ölümü

redaktə

Aslan bəy 1922-ci ildə yenidən həbs edilərək istintaq olunmağa başlandı. Dindirmələr ağır məhrumiyyətlərlə müşayiət olunurdu. 1922-ci il iyunun 23-də 3-cü dindirməni Azərbaycan SSR Fövqəladə Komissiyasının (FK) müvəkkili Valik aparmışdı. Onun istintaq prosesi "Sol eser partiyasının Zaqafqaziya təşkilatının işi" adı altında aparılırdı. Bu qondarma ittiham işi Azərbaycan SSR MİK yanında Ali İnqilabi Tribunalda idi. Həmin qondarma ittiham əsasında Səfikürdski 1922-ci ilin dekabrında məhkəmə məsuliyyətinə cəlb olundu. Dekabrın 1–10-u arasında gündüz saat 15-də Ali İnqilabi Tribunalda erməni D. Poluyanın sədrliyi altında, Romanov və Babayevin iştirakı ilə keçən açıq "məhkəmə prosesində" Azərbaycan SSR Ali İnqilabi Tribunalının qərarı üzrə Aslan bəy Səfikürdski və məsləkdaşı, həmkarı, Xalq Cümhuriyyətinin sabiq poçt və teleqraf naziri Camo bəy Hacınski 3 il azadlıqdan məhrum edildi. Həmin vaxt Moskvadan Azərbaycan Fövqəladə Komissiyasına göndərilən teleqrama əsasən Aslan bəy Səfikürdski, Camo bəy Hacınski və ordubadlı məslək və mübarizə dostları Kərim Feyzullayev Moskvaya məşhur Butırski həbsxanasına göndərmişdilər. Azərbaycan SSR FK-nın sədr müavini Anton Qaben-Kornun tamamilə məxfi qriflə imzaladığı və Moskvaya Baş Dövlət Siyasi İdarəsinə (BDİSİ) ünvanladığı teleqramda Aslan bəy Səfikürdski, Camo bəy Hacınski və Kərim Feyzullayev kimi eserlərin Azərbaycana qayıtmalarının qəti yolverilməzliyi vurğulanırdı.

Aslan bəy və məsləkdaşları barəsində çıxarılan hökmün böhtan və aşkar qeyri-qanuni olmasından özü də vahimələnən D. Poluyan və həmkarı V. Lutpin məhkəmə prosesinin gedişini, "müttəhim" və "şahidlərin" danışıqlarının əslini, hətta Ali İnqilabi Tribunalın hökmünün surətinin belə Azərbaycanda qalmasına yol verməyərək Moskvaya aparmışdılar. Səfikürdskiyə qarşı irəli sürülən saxta ittiham işində vaxtı ilə Gəncə qəzasının ManaşidQaraçinar kəndlərindən olan öyrədilmiş savadsız Şeron Nazaryanın, Saak Aurutunyanın və digər ermənilərin XI Qırmızı Ordunun 32-ci diviziyasının Xüsusi Şöbəsinə yazdıqları donosların rolu az olmamışdı. Həmin donoslarda deyilirdi ki, keçmiş Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və Aslan bəy Səfikürdski "quldur" və "bandit" dəstələrə başçılıq edərək 1918-ci ilin yanvarında Qafqaz cəbhəsindən müharibədən geri qayıdan rus-xristian əsgərlərini Şəmkir, DəllərZəyən stansiyalarında tərksilah etmiş, özlərini isə vəhşicəsinə öldürüb meyitlərini qarət edərək diri-diri yandırmışlar.

Aslan bəy Səfikürdskiyə qarşı irəli sürülən daha bir "ittiham" ondan ibarət idi ki, guya o, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının Kollegiya üzvü vəzifəsində çalışarkən həmin Komissarlığın məsul işçisi Camo bəy Hacınski və Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Milis İdarəsinin rəis müavini Rza Qaraşarlı ilə birlikdə müsəlman eserlərin gizli komitəsini yaratmışdır. Guya Aslan bəyin sədrlik etdiyi həmin Komitə Azərbaycanın bütün qəzalarında özünün yerli təşkilatlarını yaratmış və Rusiya eser partiyasının Bakıdakı və Tiflisdəki özvləri (Osintsev və başqaları) ilə əlaqəyə girib əhali arasında antisovet ədəbiyyatlar yaymış və sovet hakimiyyətini yıxmaq üçün silahlı üsyan hazırlamaqla məşğul olmuşdur.

1925-ci ilin əvvəllərində cəzasını çəkən Aslan bəy Camo bəy Hacınski ilə birlikdə Sverdlovsk (Rusiya) təcridxanasında idi. Onları Krımın Feodosiya şəhəriə göndərmək istəyirdilər. Lakin bunu həyata keçirməyə macal olmamışdı. Cəza müddəti bitdiyi üçün həbsdən azad olunan Aslan bəy Səfikürdski Bakıya qayıdıb "Azərneft" Birliyində hüquq məsləhətçisi işləməyə başlamışdı. Ancaq daim təqiblərə məruz qalırdı. Bu təqiblərə dözməyən Aslan bəy xəstə düşmüş və uzun müddət yataqda qalmışdı. Aslan bəy Səfikürdski uzun sürən xəstəlikdən sonra 1937-ci il sentyabrın 20-də Bakıda vəfat etmişdir.[1]

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B, s.75; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.93.
  • Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.75.
  • "Odlar yurdu" qəzeti, 19 sentyabr 1989-cu il.
  • "Azərbaycan" (rusca) qəzeti, № 110, 28 may 1919-cu il.
  • "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.94
  • Azərbaycan tarixi. V cild. B, 2001-ci il. s.92
  • ARMAİ, f.894, siy.1, iş 23, v.21; "Azərbaycan", № 104, 20 may 1920-ci il
  • İ. M. Əliyarlı, T. R. Behbudov. Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918–1920). B,1998, s.110,116
  • Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.76.
  • Azərbaycan tarixi. V cild. B,2001, s.332
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.154; Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B,1990, s.86
  • Azərbaycan tarixi. V cild. B,2001, s.352
  • AXC (1918–1920). Parlament. Birinci cild. (Stenoqrafik hesabatlar). B,1998, s.33, 44–46, 58, 74, 78, 89, 314–351
  • Azərbaycan tarixi. V cild. B,2001, s.358
  • Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.76.; Azərbaycan Demokratik Respublikası(Məqalələr toplusu). B, Azərnəşr, 1992, s.181.
  • Azərbaycan tarixi. V cild. B,2001, s.477
  • Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.92
  • ARMAİ, f.895, siy.1, iş 11, v.108; Azərbaycan tarixi. V cild. B,2001, s.359
  • Azərbaycan tarixi. V cild. B,2001, s.393
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.334; Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. B,1990, s.76
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.334;
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. B,2005, s.334;
  • Azərbaycan tarixi. V cild. B,2001, s.519; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.334;
  • Azərbaycan tarixi. V cild. B,2001, s.510
  • Azərbaycan tarixi. V cild. B,2001, s.514–515
  • Azərbaycan tarixi. V cild. B,2001, s.520
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.335
  • XI ordunun Bakı əməliyyatı (rusca). "Tarix" qəzeti. "Elm" qəzetinin əlavəsi. № 5 (34). aprel 1992-ci il, s.1; Ziya Bünyadov. Qırmızı terror. B, 1993, s.3–5
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.335; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.94.
  • Elşad Qoca. Cəllad etirafı. Bakı, 1999, s.22
  • Vahid Çıraqzadə. Aslan bəy Səfikürdski. B,1994, s.56
  • Elşad Qoca. Cəllad etirafı. Bakı, 1999, s.25
  • Vahid Çıraqzadə. Aslan bəy Səfikürdski. B,1994, s.57
  • "Kommunist" qəzeti, № 89, 11 may 1981-ci il; Vahid Çıraqzadə. Aslan bəy Səfikürdski. B,1994, s.57
  • ARMAİ, f.895, siy.1, iş 23, v.24; "Azərbaycan" qəzeti (rusca), № 270,13 dekabr 1919-cu il
  • "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.95. Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B, B,1990, S.86; İ. Əliyarlı, T. Behbudov. Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918–1920-ci illər). B,1998, s.89
  • ARMAİ, f.1775, siy.1, iş 615, v.10; Vahid Çıraqzadə. Aslan bəy Səfikürdski. B,1994, s.59; Elşad Qoca. Cəllad etirafı. B,1999, s.32–33
  • Elşad Qoca. Cəllad etirafı. B,1999, s.28
  • "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.28
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İkinci cild. B,2005, s.335; Vahid Çıraqzadı. Aslan bəy Səfikürdski. B,1994, s.58
  • Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh. (az.)

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. "Mütərcim nəşriyyat", Bakı-2009 səh. 75–84
  2. "Arxivlənmiş surət". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 334. ISBN 9952-417-44-4.
  4. "Azərbaycan " qəzeti, 28 may 1919-cu il, № 10.
  5. ("Azərbaycan" № 110, 28.5.1919).
  6. "Odlar Yurdu" qəzeti, 1992-ci il, № 6, s. 3.
  7. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Bakı, 2005, s. 334.
  8. А. Балаев. Азербайджанское национально-демократическое движение 1917–1920 гг. Баку, 1990, с. 30.
  9. ADRA, f 970, iş 1, siy. 1, v. 58.
  10. Азербайджанская Демократическая Республика. Баку, 1998, с. 120
  11. Азербайджанская Демократическая Республика. Баку, 1998, с. 127
  12. Ədliyyə Nazirliyi üzrə 1919-cu il 16 aprel tarixli əmr. 15. ARDA.f. 100, siy. 28/6, iş 84, v. 34.
  13. Азербайджанская Демократическая Республика (1918–1920). Законодательстве акты. Баку, 1998, с. 328.
  14. Rauf Rzayev Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Naziri ASLAN bəy Səfikürdskinin həyati və fəaliyyəti Qanunçuluq.-2009.-№ 9.-S.26–31.
  15. ARDA.f. 895, siy. 3, iş 167, v. 1–2

Xarici keçidlər

redaktə