Azərbaycan Xalq Cümhuriyyətinin tarixi

Azərbaycan Tarixi

Azərbaycan Xalq Cümhuriyyətinin tarixiAzərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun yaranmasına qədərki tarix və onun mövcud olduğu 23 aylıq— 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər olan dövrü əhatə edir.

Xronoloji ardıcıllıq

redaktə

1917-ci ilin fevral ayında Rusiyada Romanovlar sülaləsinin mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabr ayındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci ilin 14 fevral tarixində Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün — mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası elan etdi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi[1].

İlk dövr

redaktə
 
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.[2][3]

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun — parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində — BakıBakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi.[4] Bölgənin qərb hissəsi isə (GəncəGəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi.

Gəncə dövrü

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin may ayının 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva, Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo)Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.[5]

İyun ayının 4-də Azərbaycan və Osmanlı İmperiyası arasında "Sülh və Dostluq" müqaviləsini imzaladı və bir gün sonra Türk ordusu Gəncəyə daxil oldu.[6] 1918-ci ilin 16 iyun tarixində Milli Şuranın üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gürcüstanın paytaxtı Tiflis şəhərindən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.[7] Həmin dövrdə Gəncə şəhərində real hakimiyyət hələ may ayının axırlarında 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoya bilmiş, şəhərdə qayda-qanun yaratmışdı

Böhran

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.

Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin RəsulzadəMəmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.

Yeni hökumət

redaktə

İyun ayının 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflis şəhərində təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.

Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.

Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.[8]

Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri -Fətəli xan Xoyski; nazirlər — Məmmədhəsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud ağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Hərbi sahədə olan hadisələr

redaktə

Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiyyətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi.[9]

ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qafqaz firqəsi də ilk vaxtlar ƏAK-ın tərkibinə daxil edilmişdi. Həmin firqə (diviziya) ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin komandiri xidməti vəzifələri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏAK-m komandanı Əliağa Şıxlinskiyə də hesabat verirdi.[10]

Qaraməryəm döyüşləri

redaktə

1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə məskunlaşdığı zaman onun hərbi qüvvələri bolşevik-daşnak qüvvələri ilə Qaraməryəm döyüşləri oldu.[11]

Döyüşün sonunda Azərbaycan qüvvələri geri çəkilməyə məcbur qaldılar və Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi.

Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu rəhbərliyi səhvlərini yenidən nəzərdən keçirdilər. Əlavə qüvvələr bölgəyə gətirildi.

Göyçay döyüşü

redaktə

1918-ci il iyunun sonlarına doğru Göyçay uğrunda ağır döyüşlər başladı. Günlərlə davam edən döyüşlərdən sonra qalib gələn Azərbaycan qüvvələri Göyçayı, Qaraməryəmi azad edə bildi. Beləliklə bolşevik-daşnakların hücumu dayandırıldı. Artıq hücum etmək növbəsi Azərbaycan Xalq Cümhuriyyətinin idi.[12][13]

Kürdəmir döyüşü

redaktə
 
Fətəli xan Xoyski

Kürdəmir döyüşü 1918-ci ilin iyul ayının 5-dən 10-na qədər davam etmişdir. Azərbaycan qüvvələri Kürdəmir qəsəbəsini azad etmək üçün Bakı Xalq Komissarları Soveti qüvvələrinə hücum etmiş, 5 gün davam edən döyüşlər nəticəsində isə qalib gəlmişdir.[14]

Şamaxı əməliyyatı

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə yerləşən zaman onun əsas məqsədi Bakını işğaldan qurtarmaq idi. Bakını azad etmək üçün hazırlanan planın birinci hissəsi kimi ilk növbədə Şamaxının azad edilməsi nəzərdə tutulmuşdu.

1918-ci ilin iyulunda həyata keçirilən əməliyyat nəticəsində Şamaxı işğaldan azad edilmiş və Azərbaycan qüvvələri Bakıya doğru irəliləməyə başlamışdılar.[15]

Bakı döyüşü

redaktə

Şamaxı, Salyan, Hacıqabul, Ələt döyüşlərindən sonra Azərbaycan ordusu artıq Bakını mühasirəyə aldı.[16]

İlk hücumlar nəticə verməsə də, bütün komandan heyəti və hökumət üzvləri şəhəri mütləq almaq lazım olduğunu anlayırdılar.[17]

İkinci hücum ərzində Azərbaycan ordusununQafqaz İslam Ordusunun hücumu uğurlu oldu. İngilis qüvvələrinin də iştirak etdiki Sentrokaspi diktaturası qüvvələri ağır məğlubiyyətə uğradılar. Şəhər sentyabrın 14-də azad edildi.[18]

Sentyabrın 18-də Hökumət Gəncədən Bakıya köçdü. Bu şəhərdə böyük şənliklərlə qeyd olundu.[19]

Hökumətin digər fəaliyyətləri

redaktə

Bakıya ilk hücumun uğursuzluğa uğramasından sonra Bakını almaq üçün əlavə qüvvələrin də lazım olduğu bəlli oldu. Bunun üçün hökumət avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.

İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.[20]

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.[21] Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".[22]

27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da KürdəmirŞamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.

Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi.[23] Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.[23]

Bakı dövrü

redaktə

Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi.[23] Sonradan döyüşə Böyük Britaniya, ErmənistanRusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.[23] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.[16][24]

 
Bakını almış Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi

Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü.[7] Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Uilliam Montqomeri Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.[7]

 
Azərbaycan Xalq Cümhuriyyətinin tərtib etdiyi xarici passport

1919-cu il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda olaqodar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T. Səfərəliyev çıxış etdilər.[7] Hətta müxalifətin tələbi ilə hökumət başçısı F. Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. Müsavat fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən Məhəmməd Əmin Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.[7]

Fevralın 25-də hökumətin başçısı F. Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F. Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən Müsavat fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı.[25]

1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi.[26] O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi.[26] İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi.[27] 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu.[28] Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.[7] 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.[7]

Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu.[29] 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar.[30] Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.[31]

 
Bakıda Qızıl Ordunun və zəhmətkeşlərin etiraz nümayişi

Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F. Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi.[32] Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F. Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.[33] F. Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.[34]

Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar".[35] Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-nin Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.[36]

Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F. Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər.[37] Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökumətin dağılmasına gətirib çıxartdı.[38]

XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S. A. Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı.[39] Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.[40]

 
Bakıda Qızıl Ordu, 1920-ci il may.

Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q. Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.[41]

Süvari — dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı.[42] Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər.[43] Sonuncu qısamüddətli döyüş XırdalanBiləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.[44]

Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də LənkəranAstaraya hərbi dəniz desantlar çıxarıldı.[45] Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı.[46] Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.

İstinadlar

redaktə
  1. Yaqublu N. Azərbaycan milli mücadiləsi və Məhəmməd Əmin Rəsulzadə. B., 2001, 154 s.
  2. "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  3. "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. metbuat.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  4. Rəfiyev В. Aysberqin sualtı hissəsi (1920-ci illər). B., 1995, 53 s.
  5. Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998
  6. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1998, 158 s
  7. 1 2 3 4 5 6 7 Azərbaycan Cümhuriyyəti 1918-1920 (PDF). Bakı: Elm. 1998. 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 fevral 2017.
  8. Çəmənzəminli Y. V. Müstəqilliyimizi istəyiriksə. B., 1994, 72 s
  9. Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998
  10. Стеклов А., Армия Мусаватского Азербайджана, Б., 1928
  11. Manaf Süleymanov, Nuru Paşa, Bakı, 1999)
  12. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
  13. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 70–72
  14. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
  15. Manaf Süleymanov, Qafqaz İslam Ordusu, Bakı 1999
  16. 1 2 Yale, William (1968) Near East: A Modern History p. 247
  17. Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 278
  18. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 214
  19. Nizaməddin Xəlil Onk, Yeni Azərbaycan Cümhuriyyəti qurularkən, "Türk dünyası tarix dərgisi, 1992, s. 34–35
  20. Çəmənzəminli Y. V. Biz kimik və nə istəyirik? B., 1919.
  21. "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
  22. "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  23. 1 2 3 4 "World War I: Battle for Baku". www.historynet.com. www.historynet.com. 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
  24. Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
  25. Milman A. İnqilabdan əvvəlki Azərbaycanda özünüidarə orqanları necə seçilirdi. B., 1961, 64 s
  26. 1 2 Qafarov, Vasif. "THE AZERBAIJANI DELEGATION TO THE PARIS PEACE CONFERENCE". www.visions.az. www.visions.az. 2018-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
  27. Ratqauzer Y. A. Şura Azərbaycanı uğrunda mübarizə. B., 1929, 116 s
  28. Rüstəmbəyli M. Çarpışan qüvvələr. B., 1991, 184 s.
  29. Nəsibzadə N. ADR (məqalə və sənədlər). B., 1990, 94 s
  30. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918–1920). B" 1996.
  31. Yaqublu N. Müsavat Partiyasının tarixi. В., 1997, 327 s
  32. Nəzirli Ş. Arxivlərin sirri açılır. B., 1999, 411 s.
  33. Nəzirli Ş. Qacarlar. B., 1995.
  34. Məhərrəmov N. Daşnaksityun və Azərbaycanın taleyi. B., 1995, 95 s.
  35. Məmmədov X. Azərbaycan milli hərəkatı (1875–1918). B" 1996, 174 s
  36. Məmmədzadə M. B. "Milli Azərbaycan hərəkatı". Bakı, 1992, səh. 246
  37. İstiqlal qurbanları. B., 1993, 35 s.
  38. Milman A. Ş. Bakı Soveti Azərbaycanda proletar diktaturası orqanıdır (oktyabar 1917-iyul 1918). B., 1957.
  39. Karlinski V. Sosializm uğrunda mübarizə. В., 1934, 262 s
  40. Yefremov M. Q. Baki yollarinda. Bax:Sovet hakimiyyəti uğrunda xatirələr. В., 1967, s.92–97.
  41. Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. B., 1992, 142 s.
  42. Miralıyev T. Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərəkatında bolşeviklərin rəhbərliyi (1917–1920). B., 1963, 88 s.
  43. Mirhadıyev M. Kapitalizmdən sosializmə keçid dövründə Azərbaycanda proletariat diktaturası dövlətinin təşkili və inkişafı (1917–1937). B., 1975, 106 s.
  44. Miralıyev T. Azərbaycanda qızıl qvardiyaçılar və qırmızı partizanlar. B., 1970, 130 s.
  45. Quliyev С. В. Lenin və Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizə. B., 1957, 74 s
  46. Atakişiyev A. Oktyabr inqilabı Azərbaycan fəhlə sinfinə nə verdi? B., 1957, 90 s