İnzibati-ərazi vahidi

İnzibati-ərazi vahidi — dövlət müstəqilliyi olmayan dövlətin inzibati-ərazi bölgüsünün struktur elementi. Fərqli dövlətlərdə fərqli dövrlərdə müxtəlif inzibati-ərazi vahidi adları mövcud idi. Mövcud olan sosial- iqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır. [1]

Tarixdə

redaktə

Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır.[1]

1801-1804-cü illərdə Gəncə, Qarabağ, ŞəkiŞirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmsəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Azərbaycanın Dərbənd, QarabağQuba xanlıqları Rusiyaya ilhaq edildi.[1]

1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsi əsasında Azərbaycan İran ilə Rusiya arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Rusiyanın tərkibinə verildi.

1827-ci ildə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşəddil) bölünmüşdü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə “Erməni vilayəti” yaradılmışdı. 1840-cı ildə ”Erməni vilayəti” buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa (10 aprel 1840) müvafiq olaraq bu bölgələr Gürcü – İmereti quberniyasına (mərkəzi - Tiflis) və mərkəzi Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 4 "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-05.