Butunqlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Butunqlar

Butunqlar (butonlar) — İndoneziyada (Butunq, Muna və digər adalarda) xalq.[1]

Sayları 150 min nəfərdir (1995). Avstrasiya dil ailəsinin Qərbi Avstroneziya qrupuna aid dillərdə və dialektlərdə danışırlar: butunq, yaxud volio, sia-sia, tukanqbesi və s. Həmçinin İndoneziya, bugi, makasar dilləri yayılmışdır. Qonşu Vovoni, Tukanqbesi, Muna adalarının əhalisi ilə birlikdə bunqkular, morilər və lalakilərə qohum olan mədəni-dil birliyini təşkil edirlər. Dindarları müsəlmandır, Butunqların layololar subetnik qrupunda xristianlar da var.[1]

Butunqlar dənizçi və tacir olmuşlar, 19–20-ci əsrlərdə muzdla və mövsümi iş yayılmışdır. Şərqi İndoneziyada, xüsusilə Molukk adalarında geniş şəkildə məskunlaşmışlar. Qohum xalqlar və Sulavesinin cənub-şərqindəki bəzi sahilboyu rayonların əhalisi ilə birlikdə 17–20-ci əsrlərdə Butunq sultanlığının tərkibində olmuşlar. Ənənəvi məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, quru dərələrdə yetişdirilən çəltik, darı, batat, kokos palması). Balıqçılıq, xırda pərakəndə ticarət, gəmiçilik, muzdlu işlə də məşğul olurlar. Sənətkarlıq sahələri: qayıq düzəldilməsi, mis emalı, toxuculuq, həsir və zənbil hörülməsi. Yaşayış məskənləri pərakəndədir. Taxtadan tikilən evləri yortacəsaslıdır. Kişi geyimi avropasayağıdır, qadın geyimi saronqdur. Yeməkləri, əsasən, düyü, qarğıdalı sıyığı, tərəvəz sousu, təzə və fermentləşdirilmiş balıqdır Əyanlara və azad icma üzvlərinə ənənəvi bölgü saxlanılmışdır. Nikah matrilokal, sonra neolokaldır. Başlığa dair razılıq vasitəçi qismində çıxış edən kəndxuda ilə əldə olunur. Ənənəvi etiqadları animizm və əcdadların kultudur.[1] 

  1. 1 2 3 Butunqlar// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 134.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]