Nağıl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s. Nağıllar mövzu və məzmunca dörd növə bölünür: sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar, lakin bəzən sehrli və heyvanlar haqqındakı nağılları əfsanəvi nağıl altında birləşdirirlər.

Albert Edelfelt's illustration of Adalmina's Pearl, a Finnish fairy tale by Zachris Topelius.

Sehrli nağıllar

[redaktə | mənbəni redaktə et]

İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehrli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Bu nağıllarda süjet əfsanəvi məkan və zaman daxilində baş verir, lakin xəyali səltənət və ölkələrlə yanaşı, həqiqi dünya – kəndlər, şəhərlər, təbiət, göllər, meşələr, dağlar əks olunur. Bu nağıllarda sehrli qüvvələr xeyri və şəri təmsil edirlər. Məsələn; Zümrüd quşu, sehrli xalça, sehrli üzük, sehrli papaq və s. əsasən nağıl qəhrəmanına kömək edərək, onu dardan qurtarır. Divlər, əjdəhalar, küpəgirən qarılar isə şər işlərdə iştirak edirlər. "Şahzadə Mütalib" nağılında isə div qəhrəmana kömək edir. Ən məşhur sehrli nağıllardan olan "Məlikməmməd" nağılında sehrli obrazlar sırasında sehrli almalar, zümrüd quşu, Yel atı, ağ qoç, qara qoç və s. vardır. Nağılda işıqlı və qaranlıq dünya təsvir edilmişdir. Xeyirlə şərin mübarizəsi atəşpərəstlik dövrünün xüsusiyyətlərini əks etdirir. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Zümrüd quşunun köməyilə işıqlı dünyaya çıxır. Sehirli nağıllar digər nağıl qruplarından sabit strukturuna, özünəməxsus obrazlar sisteminə və qəhrəman tipinə görə fərqlənir. İlk növbədə qeyd etmək lazımdır ki, sehirli nağıl qəhrəmanı passiv qəhrəmandır. Köməkçi əldə etdikdən sonra qəhrəman passivləşir, sehirli əşya və köməkçi onun əvəzindən fəaliyyət göstərir. Başqa sözlə, sehirli nağıl qəhrəmanı qarşıya qoyduğu məqsədə sehirli əşya və köməkçilərin köməyi ilə çatır. Sehirli nağıllarda köməkçi rolunda o dünya varlıqları – əsasən dərya atı, div, Simurq quşu, göyərçin cildinə girmiş pəri qızlar, sehirli əşya kimi isə o dünya varıqlarına məxsus predmetlər – onların sehirli üzüyü, papağı, qılıncı, yaxud da həmin varlıqların yaşadığı məkana məxsus əşyalar – orada bitən ağacın meyvəsi, çubuğu və sair çıxış edir. Bir qayda olaraq qəhrəman müəyyən sınaqlardan keçdikdən sonra bu köməkçi vasitələrə yiyələnir. Sehirli nağılların digər bir əlaməti onların ikiqütblü olmasıdır. Bir tərəfdə ideallaşdırılan nağıl qəhrəmanı, digər tərəfdə isə antoqonis və ya yalançı qəhrəman, bir tərəfdə idealizə edilən işıqlı dünya, digər tərəfdə qaranlıq, yeraltı dünya vardır. Bu dünyaların arasında isə marginal zonalar yerləşir ki, hər iki dünyanın sərhədində olduğu üçün bu zonalar mediator (vasitəçi, əlaqələndirici) funksiyası yerinə yetirirlər.

İvan Bilibinin gözəl Vasilisa haqqında rus nağılının təsviri

Məişət nağılları haqqında

[redaktə | mənbəni redaktə et]

Məişət nağılları daha çox inandırıcı olur, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Real qəhrəmanlarla bağlı olan məişət nağılları bu xüsusiyyətlərinə görə realist nağıl da adlanır. Qəhrəman şər qüvvələrlə mübarizədə sehrli qüvvələrin köməyilə deyil, öz diribaşlığı və bacarığı sayəsində qalib çıxır. "Daşdəmirin nağılı" realist nağıllardan hesab edilir, Burada Daşdəmirə sehrli qüvvələr deyil, müəllimi Mirzə Möhsün və padşah qızı Nardam xanım kömək edirlər. Onun silahı biliyidir. Ağıllı və qorxmaz Daşdəmir bağban oğlu olsa da, əsərin sonunda zülmkar adamlara qalib gəlir.

1865-ci ildə Alexander Zick tərəfindən Hop-o'-My-Thumb və div təsviri

Məişət nağıllarına din və etiqadla aparılan mübarizə daha çox xarakterikdir. Burada molla və qazıların bütün yalanları, ehtirasları, tamahkarlıqları,bir sözlə, bütün alçaqlıqlarını örtən pərdə yırtılıb göz qabağına qoyulmuşdur. [1] Məişət nağılları məzmununa görə iki yerə ayrılır: ciddi məzmunlu məişət nağılları, komik məzmunlu məişət nağılları. Birinci bölümə aid edilən məişət nağıllarında təhkiyə ciddi şəkildə aparılır. Süjet qəhrəmanın sınaqlardan, çətinliklərdən keçməsi, həlli çətin, mürəkkəb olan şərtlərin yerinə yetirilməsi üzərində qurulur. Bu nağılların bir qismində baş qəhrəman sehrli nağıllarda olduğu kimi ideallaşdırılır. Onlar igid, ağıllı, ən müşkül hadisələrdən baş çıxaran, çətinliklərin öhdəsindən gələn, qorxmaz, cəsarətli qəhrəmanlar kimi göz önünə gəlirlər. “Dərzi şagirdi Əhməd” bu tip nağıllara bir nümunə ola bilər. Komik məzmunlu məişət nağıllarında, xüsusilə keçəllə bağlı nağıllarda süjet mənfi qəhrəmanın rüsvay edilməsilə sonayetir. Bu baxımdan “Keçəl” nağılı çox səciyyəvidir.[2]

Heyvanlar haqqında nağıllar

[redaktə | mənbəni redaktə et]

Bu nağıllar folklorun qədim nümunələrindəndir və heyvanlar aləmindən bəhs edir. Belə nağılların qəhrəmanları ayı, qurd, şir, dovşan, tülkü, at, it, qoyun və digər heyvanlar və quşlar olurlar. "Tülkü ilə qurd", "Tülkü ilə canavar", "Şəngülüm, Şüngülüm və Məngülüm" və s. örnəkləri vardır. Bu nağıllarda heyvanlar aləmi insan fikiri və hissi, onun həyati görüşlərinin əks forması kimi ifadə olunur. İnsan kimi düşünən, özünü insan kimi aparan, danışan heyvanlar poetik şərtilik daşıyır.Heyvanlar haqqındakı nağıllar folklorun ən qədim janrlarındandır. Onda heyvanların və quşların mənşəyi, heyvanlar və insanlar arasındakı əlaqə, totem heyvanlar barədə süjetlərə rast gəlinir. Heyvanlar haqqında nağıllarda yırtıcılar – şir, pələng, ayı, canavar, tülkü bütün başqa xırda meşə heyvanlarına və quşlarına, eləcə də ev heyvanlarına qarşı qoyulur. Bu tip nağıllarda antiteza güclü-zəif, böyük-kiçik, yırtıcıqeyri-yırtıcı prinsipi ilə qoyulur. Bununla yanaşı nağıl yırtıcı, vəhşi heyvanların aralarındakı toqquşmanı da göstərir. Vəhşi heyvanlarla digər heyvanların qarşıdurmasını əks etdirən nağıllarda hadisələr vəhşi heyvanların deyil, əks tərəfin üstünlüyü ilə sona yetir. “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılında da bu cəhət özünü qabarıq şəkildə göstərir.[2]

Covanni Françesko Straparolanın "Straparolanın Üzlü Gecələri" kitabından

Tarixi nağıllar

[redaktə | mənbəni redaktə et]

Tarixidən əsaslanır. Şahlar və vəzirlər həmişə zalım, zülmkar kimi göstərilmir, əksinə, hökmdarların hərəkətləri dinləyicidə maraq yaradır. Bununla belə, bu nağıllarda müsbət qəhrəmanlar əsasən kütlə içindən çıxan, zəhmətlə dolanan adamlar olurlar.

Novellistik nağıllar

[redaktə | mənbəni redaktə et]

Novellistik nağılların öz süjet dövrəsi, obrazları, spesifik bədii təsvir vasitələri vardır. Sehirli nağıllardan fərqli olaraq, onlar tamamilə başqa ideya və zəmin əsasında qurulur. Xalqın əxlaqi görüşləri, ədalətli hökmdar haqqında təsəvvürləri onların məzmununu müəyyənləşdirir. Novellistik nağılların qəhrəmanı həqiqi dünyada yaşayır, öz zirəkliyi, ağlı ilə istəyinə çatır. Əgər sehrli nağıllarda qəhrəman qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilərin köməyi ilə çatırsa, novellistik nağıllarda ağlın, zəkanın, hazırcavablığın köməyi ilə buna nail olur.

Gustave Dore tərəfindən yazılmış (ədəbi) nağılları oxuyan Ana Qazın şəkli
Bənövşəyi nağıl kitabı (1906)

Bahadırlıq nağılları

[redaktə | mənbəni redaktə et]

Bahadırlıq nağılları qəhrəmanın fiziki gücünün öyüldüyü, onun bahdırlıq cizgilərinin qabardıldığı nağıl qruplarından biridir. Sehrli nağıllarda qəhrəmanın uşaqlıq dövrü elə bir əhəmiyyət kəsb etmədiyi üçün onun ayla, günlə böyüdüyü qeyd olunaraq bu mərhələnin üstündən keçilirsə, bahadırlıq nağıllarında qəhrəmanın uşaqlıq dövrü epik genişlik qazanır və onu təşkil edən motivlərin rəngarəngliyinə görə digər qruplardan seçilir. Bu mərhələ qeyri-adi mayalanma, qeyri-adi doğuluş, erkən yaşlarından dil açıb yerimə, ad qoyma və erkən qəhrəmanlıq motivlərini özündə ehtiva edir. Bahadırlıq nağıllarında qəhrəman demonik varlıqlarla birbaşa təmasdan və ya onlara məxsus müəyyən əşyaların qəbulundan doğulur. Demonik varlıqlardan törədiyi üçün qəhrəman onlara məxsus xüsusiyyətlərin daşıyıcısı olur. Məsələn, Qaraqaş bir cüt qara qaş şəklində, "Ceyran" nağılının eyni adlı qəhrəmanı yarı insan, yarı ceyran şəklində dünyaya gəlir. Belə əlamətlərlə doğulan uşaqlar qüsurlu hesab olunduğuna görə onlar çox vaxt valideynləri tərəfindən qəbul edilmir. Hadisələrin sonrakı inkişafı zamanı həmin əlamətlər aradan qaldırılır. Nəticədə assimmetrik vəziyyətdən çıxarılmış bahadır həm də epik sosium daxilində yaşamaq hüququ əldə etmiş olur. Bahadırlıq nağılları üçün xarakterik kompozisiya vahidlərindən biri də qəhrəmanın kiçik yaşlarında ikən mifoloji varlıqların himayəsi altında böyüməsidir. Bahadırlıq nağıllarında fiziki güc qəhrəmana, adətən, onun demonik mənşəyindən keçir. Belə bir mənşədən məhrum bahadırlar isə sonradan həmin varlıqların himayəsi altında böyüməklə qeyri-adi gücə yiyələnirlər. Bu baxımdan demonik varlıqlardan törəmə ilə onların himayəsi altında böyümə arasında elə bir funksional fərq yoxdur. Hər iki motiv bahadırın fiziki gücünü motivləşdirməyə xidmət edir. Sehrli nağıllarda qəhrəman qarşıya qoyulan məqsədə sehrli əşya və köməkçinin köməyi ilə, bahadırlıq nağıllarında isə fiziki gücü hesabına çatır. Sehrli nağıllarda köməkçi əldə etdikdən sonra qəhrəman passivləşirsə, bahadırlıq nağıllarında əksinə, sehrli əşyaların nağıl strukturundan çıxması və köməkçinin funksiyalarını itirməsi qəhrəmanın aktivləşməsinə səbəb olur. Öz funksiyalarının bir hissəsini itirmiş köməkçi bahadırlıq nağıllarında, əsasən, qəhrəmana məsləhət verən, yol göstərən, onu at və silahla təmin edən, dara düşdükdə ona kömək edən və himayəçi rolunda fəaliyyətini davam etdirir. Sehrli nağıl personajları biri, birisi, padşah, div və s. bu kimi ümumi ad altında təqdim olunan qeyri-müəyyən personajlardır. Hətta baş rolun ifaçısı belə xüsusi inisiala sahib olsa da, bu, onu fərdi obraza çevirmir. Bahadırlıq nağıllarında isə əksinə, nəinki baş rolun ifaçısı, hətta antoqonist personajlar belə xüsusi inisiala sahib fərdi obrazlardır. Söyləyici sehrli nağıllarda istənilən qəhrəmanı Məlikməmməd adı altında təqdim edə bilirsə, bahadırlıq nağıllarında bu, mümkün deyildir. Bahadırlıq nağıllarında ad obraza onun hansısa bir əlamətinə görə – ya doğulma vəziyyətinə, ya şəxsi keyfiyyətinə, ya da sosial vəziyyətinə görə verilir. Məsələn, "Tapdıq" nağılında bahadıra yoldan tapıldığına görə, "Qaraqaş" nağılında bir cüt qara qaş şəklində doğulduğuna görə, "Ağ quş" nağılında isə şirin himayəsində böyüdüyünə görə ad verilir. Adla obraz arasındakı bu cür bağlılıq obrazı fərdiləşdirir, onu fərdi bir personaja çevirir. Bahadırlıq nağıllarında kişi personajlarla yanaşı, qadın obrazlarının fəaliyyətində də fiziki güc əsas rol oynayır. Qadınlarda zahiri gözəlliklə yanaşı, döyüşkənlik, qorxmazlıq kimi keyfiyyətlər ön plana çıxarılır.[3]

  1. H.Zeynallı. Azərbaycan nağılları. Bakı: Şərq-Qərb. 2005. səh. 360.
  2. 1 2 Oruc Əliyev. Azərbaycan nağıllarının poetikası. Bakı. 2022. səh. 56.
  3. Ə.Axundov. Azərbaycan nağılları. 5 cilddə, III cild. Bakı: Şərq-Qərb. 2005. səh. 149-160. ISBN 9952-418-72-5.