Kapoeyra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kapoeyra
port. Capoeira
Yaranma tarixi XVI əsr
Ölkə Braziliya Braziliya
Tanınmış ardıcılları Lətif Krouder, Anderson Silva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KapoeyraBraziliyada əsası qoyulmuş idman növü. Rəqs, akrobatika, musiqi və mənəviyyat elementlərini birləşdirən Afro-Braziliya döyüş sənətidir.

Braziliya ərazilərinə yiyələnmə 1530-cu ildə özləri ilə mal-qara, əkin üçün şitillər və müxtəlif toxumlar gətirmiş portuqaliyalıların ilk sakinlər kimi yeni həyat tərzinə qədəm qoyması ilə başlanıb. Braziliya Latın Amerikasında ilk ölkədir ki, ispanlar deyil, portuqaliyalılar tərəfindən tutulub. Elə qulları da Afrikadan Braziliyaya onlar gətiriblər.

Qulların Braziliya ərazilərinə gətirilməsində üç – Baya, Resife və Rio-de-Janeyro limanlarından istifadə olunub. Odur ki, tədqiqatçılar afro-braziliya döyüş növü olan kapoeyranın yaranış köklərini məhz bu yerlərdə axtarıblar. Axtarışlar uzun müddət davam etdiyindən, bir çox fərziyyələr də ortaya çıxıb. Zənn edilir ki, döyüş növünün yaranmasında qulların böyük zəhmət və əziyyəti olub.

Sözügedən qullar özlərinə məxsus bir neçə qədim ənənəyə də sahib olublar. Onlar yaratdıqları ənənəvi rəqslərlə çox ciddi məşğul olaraq gələcək nəsillərə də ötürüblər. Belə ki, döyüş rəqs, ənənə və mərasim anlayışları ilə birləşdirilib.

Ən geniş yayılmış fərziyyəyə əsaslansaq, kapoeyranın silahsız vəziyyətdə özünümüdafiə üsulu kimi yaradıldığı və yaradıcılar tərəfindən rəqs adı verilərək, döyüş növü olduğunun gizlədildiyi məlum olur.

Bir az tarixi vərəqləyərək, kapoeyranın yaranması üçün zəminin necə ortaya çıxdığını müəyyənləşdirməyə çalışaq. Portuqaliyalılar yerli sakinlərdən, yəni hindulardan qul kimi istifadə etməyə başlamışdılar. Hinduların çoxu portuqaliyalıların yeni qaydalarına əməl etmək istəmir, onların vadar etdikləri ağır və dözülməz işləri görməyə qüvvələri və səbirləri çatmır və buna görə də canlarını qurtarmaq üçün ölkənin daha dərin və ayaq basılmayan yerlərinə gedirdilər. Mühacirlər arasında yaxşı döyüşçülər, musiqiçilər, həmçinin təbiblər də var idi. Onlar sağ qalmaları üçün həmrəy olmalı və bir-birlərinə kömək etməli idilər. Yeni məkan onlar üçün əvvəlkindən daha yaxşı idi. Lakin köhnə məkan qədər əsrarəngiz deyildi.

Portuqaliyalılara qarşı çıxan yerli sakinlər isə dərhal öldürülmüş, sağ qalan qadınlar, uşaqlar və qocalar çox incidilmişdilər. Onlar bu əziyyətlərə tab gətirə bilmirdilər. Əhalinin çoxunu xəstəliklər bürümüş, bir hissəsi ölümdən qurtula bilməmişdi.

1624-1654-cü illərdə hollandların portuqaliyalılarla müharibəsi zamanı qarma-qarışıqlıq nəticəsində qullar yeni düşünülmüş addımı atmaq üçün fürsət tapdılar. Onlar qaçmaqla canlarını qurtarmağı qərar verirlər. Qullar daha gizli və qəliz yerlərdə toplaşdıqdan sonra "quylombuş" adlı qruplaşma yaratdırlar.

Quylombuş müstəqil yaşayan və heç kimdən tamamilə asılı olmayan insan toplumudur ki, kapoeyranın yaranmasında böyük rolu olub. Qruplaşmanın kənardan gələn hücumlar və təzyiqləri qarşılaşması zamanı kapoeyra daha da möhkəmlənirdi. Elə bu səbəbdən kapoeyra get-gedə təhlükəli döyüş kimi formalaşırdı.

XIX əsrin əvvəllərində kapoeyra indikindən çox fərqli idi. Kapoeyrada möhkəm duruş vəziyyəti, güclü zərbələr, sındırma və atma fəndləri zənginlik təşkil edirdi.

Kapoeyristalar soyuq silahlara, bıçaqlara, qılınclara və ülgücə üstünlük verirdilər. Onlar ülgücü əsasən ayaq barmaqları arasında sıxmaqla zərbə endirirdilər. Bir neçə təhlükəli görüşlərdən sağ çıxdıqdan sonra, onlara "peşəkar kapoeyraçı" adı verilirdi.

Küçə döyüşü sayılan kapoeyranın unudulması üçün yerli qanunverici orqanlar 400 ilə yaxın çalışmışdılar. Kapoeyranın qorunub saxlanılması üçün yalnız bir çıxış yolu var idi.

Kapoeyristalar məcbur olub daha çox akrobatik hərəkətlər, akrobatik zərbələr, dairə daxilində üzbəüz vəziyyətdə musiqi sədaları altında döyüş texnikası (daha çox rəqs kimi göstərməklə) nümayiş etdirməli oldular. Bizim dövrə yaxınlaşdıqca aydın olur ki, kapoeyra quylombuşdan kənara çıxdıqdan sonra əhali arasında yayılmaqla, böyük rəğbət qazanmış və həyat tərzinin dəyişkən axarına düşməklə əvvəlki kapoeyradan çox fərqlənib.

Mestre Bimba group, 2022

Kapoeyranın yaşanmasında böyük şəxsiyyətlərdən ikisinin – usta Bimba (Manuel duş Reyş Maşadu) və usta Paştinyanın (Visente Fereyra) daha çox zəhməti olub.

Müasir kapoeyranın banisi usta Bimbadır. O, 1900-cü ildə Salvadorda Baya ştatında anadan olub. Bimba bir qədər təlimatlandırıldıqdan sonra, "Luda Regional Bayana"nı (Bayanın regional döyüş sənəti) yaradıb ki, bu da bütün dünyada "Capoeira Regional" (Yerli Kapoeyra) kimi tanınıb. 1932-ci ildə Bimba tərəfindən tarixdə ilk rəsmi kapoeyra məktəbi yaradılıb. Nəhayət ki, bütün əziyyətlərin nəticəsində 1937-ci ildə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi olaraq tanınıb. Usta Bimba 1974-cü ilin fevral ayına qədər, yəni son nəfəsinə qədər kapoeyranın təbliğatına çalışıb.

Kapoeyrada əvəzsiz yeri olan digər usta Paştinyadır (1889-1982). Paştinya kapoeyranın "Angola" üslubunu təbliğ edib. O, 21 yaşı olarkən kapoeyraya daha peşəkar şəkildə yaxınlaşmağı qərara alıb. Paştinya həmçinin filosof və rəssam kimi də tanınıb. Kapoeyranın "Angola" növündə əsasən hərəkətlərin cəld deyil, məhz sürəti minimuma çatdırmaqla, icra olunmasına və kapoeyristanın düzgün müvazinət saxlamasına diqqət yetirilir.

Grupo Axe Capoeira

[redaktə | mənbəni redaktə et]

Kapoeyra haqqında danışarkən "Grupo Axe Capoeira" barədə də söz açmaq lazımdır. Təməli 1982-ci ildə Resifedə qoyulan "Axe Capoeria" dünyanın dörd bir tərəfinə yayılmaqda davam edir. Hazırda 8000-dən artıq tələbəsi olan "Axe Capoeira" böyük dünya səyahəti ərəfəsindədir. Artıq 30-a yaxın ölkədə nümayəndəliklərini təkmilləşdirən "Axe Capoeira" ildə bir dəfə olmaqla, həmin ölkələrdə nümayəndələr və qruplarla görüşərək, onları daha da inkişaf etdirir və kapoeyranın daha dərin tərəflərini işıqlandırır. Onlara döyüş, akrobatika, musiqi, rəqs və başqa incəliklərini öyrədən "Axe Capoeira" qrupu dünyanın istənilən kapoeyra qrupları ilə yarışmağa hər zaman hazırdır. "Axe Capoeira"nın məqsədi ustalara hörmət, kapoeyranın köklərini, döyüş və mədəniyyətini qoruyub saxlamaqdır. Qeyd edək ki, bu idman növü Azərbaycanda da günü-gündən daha sürətlə yayılmaqdadır.

Kapoeyra Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Kapoeyra döyüş sənəti Azərbaycanda 1996-1997-ci illərdən görünməyə başlandı. Mark Dakaskosun iştirakı ilə "Yalnız güclülər" filmi Azərbaycanda efirə çıxdıqdan sonra ölkəmizin müxtəlif bölgələrində: Sumqayıt, Lənkəran, Beyləqan, Gəncə və sair şəhərlərdə Kapoeyra üzrə özünü təlim məşqlərini Azərbaycanda Kapoeyranın başlanğıcı hesab etmək olar.

2000-ci ildə Bakıda Azərbaycan Kapoeyra Federasiyası vahid mərkəz kimi formalaşıb. İlk kapoeyra məktəbi Azərbaycan Kunq-fu Federasiyasının nəzdində yaradılır. 2005-ci ildə isə "Kontakt" adlı ilk rəsmi kapoeyra klubu yaradılır və dövlət qeydiyyatından keçir.

2007-ci ilin sonunda Azərbaycan Kapoeyra Federasiyası təsis edilir və dövlət qeydiyyatına alınır.

Hal-hazırda paytaxtımız BakıdaAzərbaycanın bir çox regionlarında Azərbaycan Kapoeyra Federasiyası rəsmi məktəbləri yaradılmış və günü-gündən bu məktəblərin sayı artmaqdadır.

Bu gün Azərbaycan kapoeyraçıları ölkəmizi beynəlxalq aləmdə, o cümlədən Beynəlxalq yarış, festival və seminarlarda layiqincə təmsil edirlər.

Azərbaycan Kapoeyra Federasiyasının rəsmi internet səhifəsi: [1]