Tenrikyo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tenrikyo dininin simvolu.

Tenrikyo (天理教?) və ya tenriizmYaponiyada yaranan yeni dinlərdən biri.[1] "Tenrikyo" hərfi tərcümədə "İlahi müdriklik dini" mənasına gəlir.[1] Dünyada 2 milyona yaxın şəxs bu dinə inanır.

Tenrikyo dininin əsası 1838-ci ildə Nakayama Miki tərəfindən qoyulmuşdur.[1] Nakayama əkinçiliklə məşğul olan adi qadin idi və iddia edirdi ki, bədəni Tenri-O-no-Mikoto adlı kami tərəfindən ələ keçirilmişdir.[1] Onun iddiasına görə Tenri-O-no-Mikoto onun bədənindən istifadə edərək "ilahi müdriklik" (tenri) vəhyi ilə inancını yaymağa çalışmışdır.[1] Nakayamanın inancı bir çox təqibçini özünə cəlb etmişdir.[1] Onlara görə Nakayama "yaşayan tanrı" (ikaqami) idi.[1] Nakayama deyirdi ki, insanlar eqoistliklərindən əl çəksələr və özləri ilə "baş tanrı" (oyaqami) arasında harmoniya qursalar xoşbəxt həyata çata bilərlər.[1] Onun fikirləri təqibçilərinə ümid vermişdi ki, bu inancın köməyi ilə fərdi əzablar və sosial ədalətsizlik beləcə başa çata bilər.[1]

Yaponiya hökumətinin bir sıra təzyiqlərinə baxmayaraq Nakayama öz vəhylərini yazaraq Tenrikyo mətnlərini ortaya çıxarmışdır.[1] O, həmçinin dinin əsas ritualı olan "qurtuluş rəqsi"ni (kaqura-zutome) də yaratmışdır.[1] Tenrikyo yeni dinlər arasında çoxlu sayda təqibçi toplayan ilk dinlərdən biri idi.[1] Nakayamanın şagirdi və davamçısı olan İzo İburinun başçılığı altında din güclü şəkildə təşkilatlanmışdır.[1] 1908-ci ildə Yaponiya hökuməti Tenrikyonu şintoizmin rəsmi bir sektası olaraq tanımışdır.[1]

Dinə mənsub olan bir çox insan dinin qurulduğu olan Nara prefekturasının Tenri şəhərinə ziyarətə gedirlər.[1] Əfsanəyə görə Nakayama Mikinin ruhu Tenri şəhərindəki məbəddə saxlanılan ciba adlı müqəddəs nöqtədə yaşayır.[1]

Dinin Yaponiyada 1,75 milyon,[2] bütün dünyada isə 2 milyon təqibçisi mövcuddur.[3] Tenrikyo dininə aid kitabxana, muzey, xəstəxana, radio stansiyası mövcuddur.[1] 1925-ci ildə Yaponiyada Tenri Universiteti qurulmuşdur.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Perkins
  2. Japanese Ministry of Education. Shuukyou Nenkan, Heisei 14-nen (宗教年鑑平成14年). 2002.
  3. Stuart D. B. Picken. Historical dictionary of Shinto. Rowman & Littlefield, 2002. p. 223. ISBN 0-8108-4016-2
  • Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 351. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 16 may 2022.